Məmməd İbrahimin həbsindən şikayət verilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş yeni həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib.

Bu haqda siyasətçinin vəkili Cavad Cavadov bildirib.

«Məmməd İbrahim barəsində Yasamal Rayon Məhkəməsi sentyabrın 28-də iki aylıq həbs-qətimkan tədbiri seçib. Həmin qərardan oktyabrın 1-də apellyasiya şikayəti vermişəm», - vəkil bildirib.

Vəkilin sözlərinə görə, M.İbrahim ona qarşı yeni ittihamı rədd edib.

«Məmməd İbrahim sentyabrın 28-də Yasamal Rayon Məhkəməsində yatağından tapıldığı iddia olunan kəsici-deşici alətin ona məxsus olmadığını və ittihamı qəbul etmədiyini bildirdi», - vəkil söyləyib.

Sentyabrın 29-da 3 illik cəza müddəti başa çatan AXCP Rəyasət Heyətinin üzvü M.İbrahim haqqında yeni cinayət işi açılıb.

M.İbrahimə Cinayət Məcəlləsinin 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində istintaq müddətində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahimin yaxınları onun azadlığa çıxmasından bir gün öncə verilən məhkəmə qərarının qurama dəlillərə söykəndiyini iddia edir.

Xatırlatma

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc VəliyevMəhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Onun cəza müddəti sentyabrın 29-da başa çatırdı.