Könüllü qan verən vətəndaşda QİÇS tapılıb

Qan analizi

Könüllü qan verən vətəndaşlardan 200-dən çoxunda təhlükəli xəstəliklər aşkar edilib.

Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Aşura günü Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.

Bu aksiyada qan verən 5 min 539 nəfərin qanının müvafiq qaydada yoxlanıldığı bildirilir. Yoxlama nəticəsində 1 nəfərdə QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) aşkar edildiyi qeyd edilir. Bundan başqa, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə isə sifilis xəstəliyinin aşkar edildiyi bildirilir.

Qan analizləri B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA metodu ilə həyata keçirilib. Qan nümunələri 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanıb.

Müayinələrin yekununda sifilisə yoluxmaqda şübhəli olan şəxs barədə Dəri-Zöhrəvi Dispanserinə, Hepatitə görə Gigiyena və Epidemiologiya Mərkəzinə, QİÇS ilə bağlı isə Respublika QİÇS Mərkəzinə məlumat verilib.

Nazirlik şübhəli qanların zərərsizləşdirildiyini qeyd edir.

Xatırlatma

Sentyabrın 20-də Azərbaycanda Aşura mərasimi keçirilib. Aşura hicri təqvimində Məhərrəm ayının 10-cu günüdür. Miladi təqvimi ilə 680-ci ilin həmin günü Kərbəlada Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə qətlə yetirilib. Aradan XIII əsr keçsə də, islam aləmində həmin gün hələ də faciə kimi qeyd edilir.

«Aşura» sözü ərəbcə «10-cu» deməkdir. Söhbət Məhərrəm ayının 10-dan gedir.

Son illər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə Aşura günündə qanvermə aksiyası keçirilir. Bu il həmin aksiyalar ölkənin 24 yaşayış məntəqəsində - 20 məsciddə və 8 xəstəxanada təşkil olunub. QMİ hesab edir ki, insanlar Aşura günü bədənlərinə zəncir vurmaqdansa, belə könüllü aksiyalara qatılmaları düzgün olar.