ABŞ prezidenti Donald Trump-ın Ali Məhkəmə hakimliyinə namizədliyini verdiyi Brett Kavanaugh özünə qarşı yeni cinsi təcavüz ittihamlarını rədd edib, namizədliyini geri götürməyəcəyini deyib.
Trump da Kavanaugh-ya dəstəyini bir daha vurğulayıb. O, sentyabrın 24-də bu hakimi “böyük insan” adlandırıb, “həmişə onun yanında olduğunu” deyib.
Kavanaugh Senatın ədliyyə komitəsinə məktubunda yazıb ki, prosesdən çəkilmək niyyəti yoxdur.
Komitə sentyabrın 27-nə dinləmə təyin edib, onu 1982-ci ildə cinsi təcavüzdə suçlayan Christine Blasey Ford adlı universitet professoru komitədə ifadə verəcək.
Deborah Ramirez adlı ikinci qadınsa hakimi 1983-84-cü illərdə Yale UNiversitetində təhsil alarkən cinsi nalayiq hərəkətlərdə ittiham edib.
Kavanaugh hər iki qadının ittihamlarını rədd edib.