Bu gün, sentyabrın 24-də prezident İlham Əliyevlə Azərbaycanda işgüzar səfərdə olan Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm və başqa sahələrdə əməkdaşlıq imkanlarını müzakirə diblər.
AZƏRTAC-ın məlumatına görə, iki prezident informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq sahəsində əməkdaşlıq məsələlərinə də diqqət ayırıblar. Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “Asan xidmət” təcrübəsinin bölüşülməsi məsələsinə də diqqət ayrıldığı bildirilir.
Monqolustan prezidenti görüş zamanı ölkəsinin bir çox vətəndaşlarının, idmançılarının Bakıdakı çempionatlarda iştirak etməsindən danışıb.
“Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz inkişaf edir.”, xəbərə görə, Monqolustan prezidenti bildirib.
Prezident İlham Əliyev də Monqoulstan prezidentini Azərbaycanda görməsinə şad olduğunu ifadə edib.
“Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”, İlham Əliyev deyib.
O, son zamanlar çoxlu idman obyektlərinin, stadionların inşa edilməsindən, beynəlxalq yarışlarda medallar qazanılmasından bəhs edib.
İki ölkə prezidentinin görüşündə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsinin də aparıldığı bildirilir.
***
Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 24-də Bakıda işgüzar səfərdə olan Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Hələlik görüşün detalları açıqlanmır.
Monqolustan prezidenti Azərbaycana gəlib
Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa bu gün, sentyabrın 24-də Azərbaycana gəlib.
AZƏRTAC xəbər verir ki, Monqolustan prezidenti X.Battulqanı hava limanında Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, başqa rəsmi şəxslər qarşılayıblar.
X.Battulqanın Azərbaycan prezidenti İlham Əliyev və başqa rəsmi şəxslərlə görüşəcəyi, ikitərəfli əlaqələrə dair müzakirələr aparacağı gözlənir.