Azərbaycanda Aşura qeyd edilir

Təzəpir məscidində Aşura. 20 sentyabr 2018

Bu gün, sentyabrın 20-də Azərbaycanda Aşura mərasimi keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvada Aşura Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının həlak olduğu gün kimi əks edilir.

QMİ müsəlmanlara əzadarlıq moizələrində Kərbəla hadisələri ilə yanaşı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçənlərin, Xocalı faciəsinin qurbanlarının da yad edilməsini tövsiyə edir.

Son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günündə qanvermə aksiyası keçirilir. QMİ hesab edir ki, qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır. Dindarların özlərinə və digərlərinə xəsarət yetirməməsi tövsiyə olunur. Bunun əvəzində ehtiyacı olanlara qan verilməsi vacib sayılır. Bu il bu aksiyanın ölkənin 24 yaşayış məntəqəsində keçirilməsi qərara alınıb. Həmin aksiyalar 20 məsciddə və 8 xəstəxanada keçirilməlidir.

Üstəlik, QMİ Aşura mərasimlərinə məktəbli uşaqların aparılmasını da yolverilməz sayır.

Aşura hicri təqvimində Məhərrəm ayının 10-cu günüdür. Miladi təqvimi ilə 680-ci ilin həmin günü Kərbəlada Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə qətlə yetirilib. Aradan XIII əsr keçsə də, islam aləmində həmin gün hələ də faciə kimi qeyd edilir.

«Aşura» sözü ərəbcə «10-cu» deməkdir. Söhbət Məhərrəm ayının 10-dan gedir.