Həbsdəki fəal və bloqqerin incidildiyi deyilir

Həbsxana

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın və bloqqer Mehman Hüseynovun həbsxanada incidildiyi bildirilir.

Bu haqda «Turan» agentliyinə NİDA Vətəndaş Hərəkatından bildiriblər.

E.Qəhrəman və M.Hüseynov 14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

NİDA Vətəndaş Hərəkatından Samir Əsədlinin bildirməsinə görə, cəzaçəkmə müəssisəsində onlara ciddi problemlər yaradılır: «Onların hər ikisinin telefon danışıqlarına məhdudiyyət qoyulub. Mehman Hüseynov bu yaxınlarda mərhum anasının 40 mərasimi günündə evlə danışmağa buraxılmayıb. Onu atası ilə danışmağa qoymayıblar».

S.Əsədlinin sözlərinə görə, E.Qəhrəmanın da ailə üzvləri ilə ünsiyyət hüququ məhdudlaşdırılıb: «Elgiz Qəhrəmanın ailə üzvlərinin onunla görüşməsinə imkan verilmir. Son vaxtlar görüşə gedən nişanlısına görüş şəraiti yaradılmır. Soyadlarının uyğun olmamasını səbəb göstərirlər».

S.Əsədlinin sözlərinə görə, hər iki məhbusa göndərilən sovqatlar da ciddi müdaxiləyə məruz qalır.

«Aparılan sovqat, ərzaq bağlamaları ciddi yoxlamaya məruz qalır. Yoxlama aparılması normaldır, ancaq yoxlama zamanı ərzaqları əzirlər, istifadəyə yararsız hala salırlar», - S.Əsədli bildirib.

Onun deməsinə görə, E.Qəhrəman və M.Hüseynova münasibət cəzaçəkmə müəssisəsinin rəhbərliyi dəyişdikdən sonra pisləşib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və 14 Saylı Cəzaçəkmə Müəssisəsindən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. O, vaxt gənc fəalın bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanaraq, vəkili ilə görüşə buraxılmadığı bildirilmişdi.

NİDA-çı gənc ötən il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb. Ali Məhkəmədə isə E.Qəhrəmanın cəzası 5 il 6 aydan 3 ilə endirilib.

M.Hüseynov isə 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsi rəisinin xüsusi ittiham qaydasında qaldığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Hüquq müdafiə təşkilatları E.Qəhrəmanın da siyasi motivlərlə həbs edildiyini deyir.

Ancaq hakimiyyət rəsmiləri bildirir ki, Azərbaycanda heç kim peşə və siyasi fəaliyyəti ilə bağlı həbs edilmir.