Saytların bloku qaldırılmadı

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda daha 2 saytı da blokladılar

Bu gün, sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində bu ilin avqustundan bloklanan xural.comaz24saat.org saytlarının apellyasiya şikayətinə baxılıb.

Əvvəlcə Əvəz Zeynallının təsisçisi və baş redaktoru olduğu xural.com saytının şikayəti mübahisə mövzusuna çevrilib. Məhkəmə iclası iş üzrə qarşı tərəfin - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təmsilçisinin iştirakı olmadan keçirilib.

Ə.Zeynallı məhkəmədə şikayətlərini müdafiə edib. O deyib ki, saytın bloklanmasından ötrü predmet yoxdur.

«Mən elə bir məqalə yazmamışam ki, ona görə saytı bloklayalar. Mübahisə predmeti olan materialları başqa saytlardan götürmüşük, özü də istinadla vermişik», - Ə.Zeynallı məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını istəyib.

Ancaq hakimlər rayon məhkəməsinin qərarını əsaslı hesab edib. Onu qüvvədə saxlayıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə bloklanan az24saat.org saytının apellyasiya şikayəti də təmin edilməyib. Saytın redaktoru Vüqar Qurdqanlı «Turan» agentliyinə deyib ki, məhkəmə onların sübutlarını əsaslı saymayıb.

Hər iki saytın rəhbəri qərarla razılaşmadıqlarını, Ali Məhkəməyə şikayət edəcəklərini bildiriblər.

Avqustun 7-də az24saat.org, bir gün sonra isə xural.com, arqument.az və daha iki saytın bloklanması ilə bağlı qərarlar verilib. Həmin saytlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında böhtan yazılar yaymaqda günahlandırılırdı. Hərçənd, sayt rəhbərləri bunu qəbul etmirdilər.

Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsi onlardan biri- arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib.

Digər saytlar haqqında çıxarılan qərarlar isə qüvvəsində qalır.

Xatırlatma

Azərbaycanda saytların bloklanmasına, əsasən, ötən il, 2017-ci ildə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Mayın 12-də isə Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.