Qərb Rusiyanı Noviçok hücumunu etiraf etməyə çağırır

Polis Alexander Petrov və Ruslan Boshirov-un qaldığı otelin qarşısında

Britaniya Rusiyanı onun ərazisində keçmiş rusiyalı casus və onun qızına kimyəvi hücuma görə tənqid edib. Qərb müttəfiqləri tərəfindən dəstəklənən London Moskvanı “törədilmiş cinayətə görə təkzibolunmaz sübutları etiraf etməyə çağırıb”.

Britaniya hökuməti bundan əvvəl Sergey Skripal və onun qızı üzərinə hücumla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi.

Britaniyanın BMT-dəki səfiri Karen Price sentyabrın 6-da deyib ki, onun ölkəsinin müstəqil polis orqanları iki Rusiya vətəndaşının qətlə qəsd hərəkətlərində bulunduqlarını sübut etmişlər.

Onun sözlərinə görə onlar bu zaman şübhəli bilinən rusiyalıların Noviçok kimi tanınan kimyəvi agentdən istifadə etdiklərini sübuta yetirmişlər.

Britaniya sentyabrın 5-də iki Rusiya vətəndaşına – Aleksandr Petrova və Ruslan Boshirov-a qarşı qiyabi olaraq ittiham irəli sürüb. Onların Rusiya Baş Kəşfiyyat İdarəsinin agentləri olduğu düşünülür.

BMT Təhlükəsizlik Şurasının yığıncağından əvvəl Birləşmiş Ştatlar, Fransa, Almaniya, Kanada sözü gedən zəhərlənmənin “demək olar ki, Rusiya hökuməti səviyyəsində həyata keçirildiyinə dair rəsmi Londonun gəldiyi nəticəni” qəbul etdiklərini bildiriblər.

Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya Moskvaya qarşı irəli sürülmüş bütün ittihamları rədd edib və deyib ki, Londonun Moskvaya qarşı ittihamları tamamilə əsassızdır.

***

Rusiya prezidenti Vladimir Putin keçmiş casus və qızının martda İngiltərədə sinir qazıyla zəhərlənməsinə görə tam məsuliyyət daşıyır. Bunu Britaniyanın təhlükəsizlik naziri deyir.

Ben Wallace sentyabrın 6-da deyib ki, Putin Rusiya hərbi kəşfiyyatına “nəzarət edir, onu maliyyələşdirir və yönəldir”. Britaniya GRU-nu Sergei Skripal və qızı Yulia-nı martda Novichok adlı sinir qazıyla zəhərləməkdə ittiham edir.

Onların hər ikisi hücumdan salamat çıxıb, adı gizli saxlanan məkanda müalicə almaqdadırlar.

“GRU ÖZBAŞINA DEYİL”

BBC-nin Putin hücuma görə məsuliyyət daşıyırmı sualına cavabında Wallace deyib:

Ben Wallace

“Sonucda məsuliyyət daşıyan odur, çünki Rusiya Federasiyasının prezidentidir, hökuməti hərbi kəşfiyyata nəzarət edir, onu maliyyələşdirir və yönəldir”.

“Məncə, heç kəs cənab Putinin öz ölkəsinə nəzarət etmədiyini deyə bilməz. GRU da, şübhəsiz, özbaşına deyil”, – nazir söyləyib.

İyunda Britaniya vətəndaşı Dawn Sturgess zəhərin qalıqları ilə təmasda olandan sonra dünyasını dəyişib, partnyoru Charlie Rowley isə xəstələnib.

Rusiya zəhərlənmə hadisəsində əli olmadığını, istintaqla əməkdaşlıq etmək istədiyini bildirib.

Sentyabrın 5-də Rusiya Aleksandr Petrov və Ruslan Boshirov adlı iki rusiyalıya ittiham irəli sürüb. Onların GRU-nun agentləri olduğu bildirilir.

Baş nazir Theresa May parlamentə deyib ki, hücum “Rusiya dövlətində yüksək səviyyədə” təsdiqlənib.

Bu gün Britaniya tapıntılarla bağlı BMT Təhlükəsizlik Şurasını bilgiləndirəcək.