Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlərə əlavə imtahan keçirəcək.
DİM-in məlumatına görə, sentyabrın 8-nə təyin edilən buraxılış imtahanları Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 682, II mərhələsi üzrə 197, XI sinif üzrə isə 164 şagirdin iştirakı gözlənilir.
İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq.
Bütün iştirakçı şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə sentyabrın 3-dən etibarən çap edib götürə bilirlər. Şagirdlər buraxılış vəsiqəsi ilə yanaşı, şəxsiyyətlərini təsdiq edən sənədin əslini də özləri ilə götürməlidirlər.
Xatırlatma
Bu il buraxılış imtahanları iyunun 21-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasında keçirilib.
Daha sonra isə bəzi bölgələrdən olan şagirdlər iyunun 27-də, digərləri isə iyulun 3-də imtahan veriblər.
Əvvəlki illərin məzunları isə bir daha biliklərini iyulun 10-da sınaqdan keçiriblər.