Hindistanda eynicinsli seks cinayət sayılmayacaq

Hindistanda LGBT fəalı

Hindistan Ali Məhkəməsi eynicinsli yetkin yaşlılar arasında intim əlaqəni cinayət sayan 146 illik qanunu ləğv edib.

Məhkəmə sentyabrın 6-da qərar verib ki, bu qanun ölkə konstitusiyasının qoruduğu hüquqları pozur. Bundan sonra ölkədə eynicinsli seks cinayət hesab olunmayacaq.

İndiyədək homoseksual cinsi əlaqəyə görə 10 ilədək həbs cəzası kəsilə bilərdi.

Hindistanda Cinayət Məcəlləsinə müvafiq maddə 1861-ci ildə salınıb. O zaman ölkə Böyük Britaniyanın müstəmləkəsi idi.

LGBT fəallarının deməsinə görə, bu maddədən onlara təzyiq üçün istifadə olunurdu.

Hələ 2009-cu ildə Dehli Ali Məhkəməsi eynicinslilər arasında intim əlaqəyə görə cəzanı ləğv etmişdi, amma sonradan bu qərar ləğv olundu. O zaman ölkənin Ali Məhkəməsi bildirmişdi ki, bu haqda qərarı Hindistan parlamenti çıxarmalıdır.