ABŞ dövlət katibi Mike Pompeo və müdafiə naziri James Mattis sentyabrın 6-da Hindistanda yüksəkçinli rəsmilərlə danışıqlar aparacaqlar. Bir gün öncə Pompeo Pakistanda olub.
Nyu Dehlidə danışıqlarda strateji və təhlükəsizlik məsələləri, Hindistanın Rusiyadan S-400 yer-hava tipli raket sistemləri almaq planları müzakirə olunacaq.
Birləşmiş Ştatlar Hindistandan bu sövdələşməyə yenidən baxmağı xahiş edib, onun sanksiya altında olan Rusiya müdafiə podratçıları ilə iş görməyə görə cərimələnə biləcəyini deyib.
Diplomat və hərbi rəsmilərin eyni vaxtda iştirakı səbəbindən 2+2 formatı adlanan danışıqlar indiyədək iki dəfə təxirə salınıb. Sonuncu dəfə iyulda Pompeo təcili Şimali Koreyaya getməli olduğundan danışıqlar ertələnmişdi.
2016-cı ildə Vaşinqton Hindistanı “böyük müdafiə tərəfdaşı” adlandırıb.
Pompeo sentyabrın 4-də deyib ki, Hindistan “həqiqi strateji tərəfdaş”dır və “Hindistan-Sakit Okean strategiyamızda uğur qazanmağımız baxımından çox vacibdir”.