Güzəştli mənzillərin təkrar satışı başlayır

Sizin brauzer HTML5-i dəstəkləmir

Güzəştli mənzillərin satış problemi

Sabah, sentyabrın 5-dən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində sosial mənzillərin təkrar satışına başlayır.

Bu barədə MİDA-nın saytı məlumat verir.

Məlumata görə, sentyabrın 5-dən 5 binada 324 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzillər satışa çıxarılır. Yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

Vətəndaşların mənzilləri bir neçə ödəniş üsulu vasitəsilə əldə edə biləcəyi bildirilir. Bunlardan birincisi İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 30 ilədək uzunmüddətli, illik 4 faizlə güzəştli kredit vasitəsilə almaqdır. Eyni zamanda, öz vəsaitləri və başqa kredit təşkilatlarının hesabına da oradan mənzil ala bilərlər.

Güzəştli ipoteka krediti vasitəsilə alındıqda minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizini təşkil etməlidir.

MİDA-nın təklif etdiyi 1-otaqlı mənzillərin qiyməti 29 min 925, 2-otaqlılar 47 min 282, 3-otaqlıların qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaşa 2 min 993 manatdan 6 min 563 manatadək endirim ediləcəyi bildirilir.

Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən 1, 2, 3, 4 və 5 saylı binalardakı mənzillərin satışı sentyabrın 5-də başlayıb, dekabrın 5-də başa çatmalıdır.

Güzəştli mənzillərin satışı ikinci dəfə təşkil olunur. İlk satış mayın 7-də başlanmış, ancaq nəticələri ləğv edilmişdi. Həmin vaxt bəzi insanlar prosesdə şəffaflığın olmadığını, mənzillərin əvvəlcədən satılıb qurtardığını bəyan etmişdilər. Ancaq MİDA açıqlamışdı ki, vətəndaşların satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranıb.

MİDA vurğulamışdı ki, yaranmış problemlər ilk satış zamanı sistem istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb. Bu isə elektron sistemin əsas iş prinsiplərinə zidd olub. Bütün bunları diqqətə çatdıran agentlik mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrini ləğv edib, seçimin yenidən təşkilinə qərar vermişdi.

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Yasamal Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub.