İ.Əliyevə yeni nəsil şəxsiyyət vəsiqəsi verildi

R.Usubov və İ.Əliyev

Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi bu gün, avqustun 31-də prezident İlham Əliyevə təqdim olunub.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bu il sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanacaq.

Bu barədə bu günlər daxili işlər naziri bildirmişdi.

Bu il iyunun 29-da Milli Məclis «Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında» qanun layihəsini qəbul edib.

Sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi də o sənəddə əksini tapmışdı.

Verilən məlumata görə, bu vəsiqələr digər ölkələrin uyğun orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb etməlidir.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha təkmil sayılır. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilməlidir. Onu almaqdan ötrü vətəndaşlar ərazi polis orqanlarına və «ASAN xidmət» mərkəzlərinə müraciət edə bilərlər.