Rusiya BMT-nin Şimali Koreyaya dair hesabatının dərcini yenə bloklayır. Hesabatda Pxenyanın BMT sanksiyalarını pozduğu, yanacaq idxalına məhdudiyyətləri gözardı etdiyi, dəniz vasitəsilə qanunsuz neft transferi gerçərkləşdirdiyi bildirilir. Neft Rusiya gəmiləri vasitəsilə də daşınıb.
“Hesabatın bəzi elementlərindən, bu işin özündən narazı olduğumuz üçün sənəd yubanır”, – Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya avqustun 30-da BMT-nin Təhlükəsizlik Şurasının qapalı iclasında deyib.
Səfir Rusiyanın narazı olduğu məqamları açıqlamayıb. Amma BMT diplomatlarının deməsinə görə, Rusiyanın əsas narazılığı qanunsuz neft daşınmasında gəmilərinin adının çəkilməsi olub.
Nebenzya deyib ki, Rusiya şuranın Şimali Koreya barədə hesabatları haqda informasiyanın mediaya necə sızmasının araşdırılmasını istəyib.
Hazırda Birləşmiş Ştatlar Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi üçün Pxenyanla danışıqlar aparılması yönündə işləyir. Vaşinqton bütün ölkələri ötən il qoyulmuş BMT sanksiyalarına əməl etməsi üçün Şimali Koreyaya təzyiq göstərməyə çağırır.