'APA Holding' fəaliyyətini dayandırıb

apa

««APA Holding» MMC fəaliyyətini tamamilə dayandırıb».

Bunu bu gün, avqustun 30-da «APA Holding» MMC-nin rəhbəri Vüsalə Mahirqızı Facebook səhifəsində yazıb. O, həmin cümləyə hər hansı əlavə etməyib.

V.Mahirqızı avqustun 1-dən şirkətə daxil olan saytların girişinə məhdudiyyət yaranmasına həmin olaydan iki gün sonra da sosial şəbəkədən qısa münasibət bildirmişdi. Onda isə o, belə yazırdı: «Müəyyən problemlər yarandığına görə «APA Holding»ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək».

V.Mahirqızının özü telefon zənglərinə, hələlik, cavab vermədiyindən məsələ ilə bağlı əlavə məlumat almaq mümkün deyil.

Avqustun 1-i axşam saatlarından «APA Holding» MMC-yə daxil olan APA, Lent.az və APA Sport kimi bir sıra agentliklərə girişdə məhdudiyyət yaranıb.

Həmin məhdudiyyət yaranmazdan az öncə APA agentliyi bir təkzib yaymışdı. Orada bildirirdi ki, prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının dərcində yanlışlığa yol verilib. Təkzibdə vurğulanırdı ki, dövlət başçısının «Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq» sözləri təhrif edilib. Həmin cümlə yanlış olaraq «Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasını davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik» kimi təqdim edilib.

«APA» informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərirdi. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında «APA Holding» təsis olunub. Holdinqə «Azəri Press Agentliyi», «Lent.az İnformasiya Agentliyi» MMC, «Vesti.az İnformasiya Agentliyi» MMC, «APASport.az İnformasiya Agentliyi» MMC, APA TV, «APA Advertisement PR» MMC, «APA Servis» MMC daxil idi.