Erdogan-ın heykəlini götürdülər

Heykəl götürülür

Almaniyanın Visbaden şəhərində Türkiyə prezidenti Recep Tayyip Erdogana qoyulmuş qızılı heykəl götürülüb. Hakimiyyət incəsənət festivalı çərçivəsində ucaldılmış heykəlin təhlükəsizlik riski yaratdığını bildirib.

“Pis xəbərlər” devizi ilə açılmış festivalın təşkilatçıları şəhərin mərkəzində Erdoganın 4 metr hündürlüyündə heykəlini ucaldıblar.

Hakimiyyət orqanlarının deməsinə görə, o vaxtdan bu heykəl Erdogan tərəfdarlarını və əleyhdarlarını maqnit kimi özünə çəkir, münaqişəyə təhrik edir.

Bu heykəl 2003-cü ildə Amerika qüvvələrinin Bağdadda devirdiyi Saddam Husseinin oxşar heykəlini yada salır. Heykəlin üstünə “Türkiyənin Hitleri” sözləri yazılıb, bir neçə yüz adamsa buna etiraz aksiyası keçirib.

Polis daha əhalinin təhlükəsizliyini təmin edə bilmədiyini deyib. Avqustun 29-da səhər tezdən, hava qaranlıq ikən yanğınsöndürənlər böyük bir kranla heykəli ərazidən götürüb.

Almaniyada 3 milyonadək türk kökənli şəxs yaşayır. İyunda yenidən prezident seçilərək hakimiyyətini möhkəmləndirən Erdogan sentyabrın 28-29-da Berlinə səfərə getməlidir. Səfər zamanı son illər narazılıq yaratmış bir sıra məsələlərin müzakirəsi gözlənir.