Xaçmazda silahlı əməliyyat keçirilib

DTX

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri silahlı əməliyyatla bağlı açıqlama yayıblar.

Açıqlamada iddia olunur ki, radikal dini ekstremist qrupun üzvü Nizami Nəcəfovun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə onlara məlumat daxil olub. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və prokurorluq əməkdaşları birgə tədbirlər keçiriblər.

«Avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərksilah olunması üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncu (mərhum-R) təslim olmaq barədə qanuni tələblərə tabe olmayıb, avtomat silahdan silahlı müqavimət göstərib. DTX-nın xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib», - açıqlamada yazılıb

Rəsmi iddiaya görə, hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd «AKSU» tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin davam etdiyi bildirilir.

Bu rəsmi açıqlamaya N.Nəcəfovun yaxınlarından münasibət almaq mümkün olmayıb.