Prezident Binəli Yıldırımı qəbul edib

B.Yıldırım və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı deyib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə daim inkişaf edir.

B.Yıldırım isə öz növbəsində Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyi ifadə edib.

Görüşdə iki ölkənin həyata keçirdiyi birgə layihələrdən də bəhs edildiyi bildirilir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri B.Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-i axşam saatlarında Azərbaycana gəlib. Bu, B.Yıldırımın TBMM sədri kimi Azərbaycana ilk səfəridir.

Bundan əvvəl Türkiyədə baş nazir vəzifəsində çalışan B.Yıldırım bu il iyulun 12-də parlamentin sədri seçilib.