Əslən İrandan olan britaniyalı yardım işçisi Nazanin Zaghari-Ratcliffe Tehran həbsxanasına qayıdıb. O, üçgünlüyə həbsdən buraxılmışdı və hakimiyyət bu müddəti uzatmayıb. Məlumatı həyat yoldaşı verib.
Richard Ratcliffe Britaniyadan verdiyi bəyanatda deyib ki, həyat yoldaşı avqustun 26-da Evin həbsxanasına qayıdıb.
Zaghari-Ratcliffe avqustun 23-də səhər həbsdən buraxılmışdı və Dəmavənd şəhərində ailəsinə qovuşmuşdu.
Thomson Reuters Fondunun layihə meneceri olmuş Zaghari-Ratcliffe hökuməti devirmək ittihamıyla beş illik həbsə məhkum edilib. Ailəsi və fond isə ittihamı rədd edib.
Qadın 2016-cı ilin aprelində qızıyla birlikdə ailəsini görməyə gedərkən Tehran aeroportunda saxlanıb.
Onun həbsxanaya qayıtması xəbəri yayılandan sonra Britaniyanın xarici işlər naziri Jeremy Hunt Twitter-də yazıb ki, Zaghari-Ratcliffe-nin buraxılması yönündə iş davam edəcək.
“Avqustun 24-də xarici işlər naziri Mohammad Javad Zarif-lə danışdım, ancaq bunun yetərli olmadığı görünür. Mübarizə davam edir”, – o yazıb.