Mingəçevir olaylarında tutulanlardan xəbər var

Sizin brauzer HTML5-i dəstəkləmir

Polis etirazçılara qarşı güc tətbiq edir

Adı hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına daxil edilən bir nəfərin həbsdən çıxdığı bildirilir.

Bu haqda Siyasi Məhbusların Müdafiə Mərkəzindən bildiriblər.

Məlumata görə, azadlığa çıxan Nəsir Hüseynovdur. Onun avqustun 22-də həbs müddəti başa çatdığından buraxıldığı deyilir.

Mərkəzin məlumatında vurğulanır ki, N.Hüseynov 2015-ci ildə Mingəçevir olaylarına görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2015-ci ildə Mingəçevir şəhərində polis şöbəsində müəmmalı ölüm hadisəsinə görə etiraz aksiyası keçirilmişdi. Prokurorluq baş verənləri iğtişaş kimi qiymətləndirib və etiraz aksiyasında iştiraka görə 22 nəfər saxlanıb. Onlardan 16-sı 10-12 sutkalıq həbs cəzası alıb. Qalanları isə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. N.Hüseynov da onlardan biri olub.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin məlumatına görə, Mingəçevir olaylarına görə 4-6 il müddətinə azadlıqdan məhrum edilmiş 3 nəfər - İlkin Abdullayev, İlqar Xəlilov, Dilqəm Mahmudzadə hələ də həbsxanada cəza çəkir.

Xatırlatma

Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki qrup var. Hüquq müdafiəçiləri, keçmiş məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Hər iki siyahı arasında say baxımından kiçik fərq var. Onlar hesab edir ki, Azərbaycanda ümumilikdə 150 civarında siyasi motivlərlə həbs edilmiş şəxs var.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Rəsmilərin fikrincə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.