Ölən əsgərə görə 3 hərbi qulluqçu həbs edilib

Foto arxiv

Avqustun 8-də intihar etdiyi bildirilən əsgər Fəhmin Əbilovun ölümü ilə bağlı həbs edilənlər var.

Bu barədə bu gün, avqustun 17-də Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 8-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ hərbi prokurorluğuna həmin hərbi hissənin əsgəri F.Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olub.

Mətbuat xidməti bildirir ki, həmin məlumat əsasında Qarabağ Hərbi Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlərin dairəsi müəyyən edilərək izahatları alınıb. Üstəlik, Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi meyitin müayinəsini aparıb.

Məlumatda yazılıb ki, həmin tarixdə Qarabağ Hərbi Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hərbi Prokurorluq bildirir ki, zərərçəkmiş şəxsin valideynləri və yaxın qohumları Silahlı Qüvvələrin MTE və PA Mərkəzində aparılmış müayinənin obyektivliyini şübhə altına alıblar. Ona görə də, cinayət işinin istintaqını Baş Prokurorluğunun rəhbərliyi xüsusi nəzarətə götürüb.

«İşin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə istintaqın davam etdirilməsi Respublika Hərbi prokurorunun müavininə tapşırılıb və istintaq qrupu yaradılaraq hadisənin baş verdiyi hərbi hissəyə ezam olunublar. Avqustun 9-da Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertlər tərəfindən mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsi aparılıb.

İlkin istintaqla müəyyən edilib ki, əsgər F.Əbilov xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Elnur Xəlilov, həmin postun əsgərləri Sənan Tanrıverdiyev və Rəşad Arazov tərəfindən zorakı, qanunsuz hərəkətlərə məruz qalıb. Həmçinin müəyyən edilib ki, avqustun 8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoyub. Bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürüb», - məlumatda yazılıb

Məlumatda vurğulanır ki, sözügedən hər 3 hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Əsgər S.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 230 (odlu silahı diqqətsiz saxlama), 332.2.1, 332.2.3 (nizamnamə qaydalarını pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri üzrə ittiham verilib. Əsgər R.Arazova Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2, 341.2.3 və 341.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Mətbuat xidməti bildirir ki, avqustun 13-də zərərçəkmiş şəxsin atası Akif Əbilovu Baş Prokurorluğunun rəhbərliyi qəbul edilərək, onu cinayət işi üzrə istintaqın gedişatı barədə məlumatlandırıb.

Hərbi Prokurorluğun bu açıqlamasına təqsirləndirilən hərbi qulluqçuların özləri və vəkillərinin münasibətini almaq mümkün olmayıb. Onların ittihamlara münasibəti açıqlanmır.

Xatırlatma

Avqustun 8-də axşam saatlarında Lerik rayonunun Kncıvo kənd sakini, 2000-ci il doğumlu Fəhmin Əbilovun N saylı hərbi hissədə özünü güllə ilə vuraraq öldürdüyü bildirilirdi.

Mərhum əsgərin yaxınları isə mediaya açıqlamalarında F.Əbilovun intihar etməsinə inanmadıqlarını, onun bədənində yara və zorakılıq izləri aşkarlandığını bildirmişdilər.

Hərbi Prokurorluğun son açıqlamasına mərhum əsgərin valideynlərindən də münasibət almaq mümkün olmayıb.