30 sutka inzibati cəza alan AXCP fəalı Zəfər Əhmədlinin səhhətində problem yarandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun xanımı Qənimət Əhmədova danışıb:
«Avqustun 13-dən təcridxanada Zəfər Əhmədlinin səhhətində ciddi ağrılar baş qaldırıb və təcili yardım çağırmaq məcburiyyətində qalıblar. Ona ağrıkəsici iynələr vurulub, avqustun 14-də bir qədər sakitləşib. Amma qısa müddətdən sonra ağrılar yenə də şiddətlənib. Avqustun 14-də ağrıkəsici dərmanlar, iynələr aldım, aparıb verdim. Həyat yoldaşım böyrək ağrılarından əziyyət çəkir. Hələ evdə ağrıları tutanda iki-üç gün çəkirdi, sonra da ağrılardan yaranan əzginlik, yorğunluq özünü göstərirdi», - Q.Əhmədova bildirib.
O deyib ki, belə xəstələr daim bol su içməlidir, amma ölkənin təcridxanalarında bu problemə çevrilib.
Z.Əhmədlinin ailəsinin bu açıqlamasına uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP fəalı Zəfər Əhmədliyə 30 sutka inzibati həbs cəzası verib. Onun küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırıldığı bildirilir.
AXCP-dən isə Z.Əhmədlinin həbsinin gerçək səbəbinin Facebook sosial şəbəkəsində yazdığı statuslar olduğu deyilib.
Z.Əhmədli həm də həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atasıdır. F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. O, Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib. F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə həbs olunduğunu bildirir.