Magistraturaya maraq azalıb

Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturalarının boş qalan yerlərinə müsabiqənin nəticələrini açıqlayıb.

DİM-in bu gün, avqustun 14-də yaydığı məlumata görə, müsabiqənin nəticələri artıq onun saytına daxil edilib.

Qurum vurğulayır ki, müsabiqə magistraturanın boş qalan 2 min 533 plan yeri üzrə keçirilib. Bu yerlərdən ötrü müsabiqəyə cəmi 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan yalnız 448 nəfər magistraturaya qəbul olub.

Həmin şəxslər avqustun 16-dan 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Bu müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Xatırlatma

Azərbaycanda magistrlərin müsabiqəsi ildə iki dəfə keçirilir.

DİM ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ilk müsabiqəni fevral ayında keçirmişdi.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi isə iyunun əvvəllərində gerçəkləşmişdi.