Agentlik Qurban bayramı ilə bağlı tövsiyələr verib

Sizin brauzer HTML5-i dəstəkləmir

Alıcıyla satıcının mübahisəsi: '12 manata deyən var'. Video arxiv

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı münasibəti ilə əhaliyə müraciət edib.

Agentlik vətəndaşlara və işgüzar şəxslərə heyvan kəsimlərinin dini ayinlərlə yanaşı, həm də qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini tövsiyə edib.

Müraciətdə xahiş olunur ki, bayram günlərində heyvan kəsimləri yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi məntəqələrində icra edilsin.

«Bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçiriblər. Müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir», -məlumatda yazılıb.

Prezident İlham Əliyev bu il iyunun 11-də «Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında» Sərəncam verib. Sərəncamının 4-cü bəndinə əsasən, küçələrdə, yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəsinə düşür.

Bu il Qurban bayramı avqustun 22-i və 23-nə təsadüf edir. İslam qaydalarına görə, bu bayramda hər bir müsəlman ailə qoç kəsməlidir. Həmin heyvanin ətinin bir hissəsinin yetimlərə, imkansız ailələrə paylanması tövsiyə edilir.