Dünən, avqustun 12-də qusma, ishal əlamətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına daxil olmuş 8 nəfərin 7-si elə həmin gün evə buraxılıb.
Bunu Tibbi İcbari Sığorta Agentliyinin mətbuat xidmətindən bildiriblər:
«Yalnız 4-yaşlı bir uşağın səhhətində problem olub, reanimasiyaya yerləşdirilib, bu gün, avqustun 13-də palataya köçürülüb. Səhhəti normallaşıb, bu gün və ya sabah evə buraxıla bilər».
Avqustun 12-də Mingəçevirdəki «Günəşli» yaşayış massivində keçirilən nişan mərasimində kütləvi zəhərlənmə baş verdiyi açıqlanıb. Ev şəraitində keçirilən mərasimdə iştirakçıların «paytaxt» (stoliçnı) salatından zəhərləndikləri güman edilir.
Xatırlatma
Oxşar hadisə bir neçə gün əvvəl Bakıda da baş verib. Qida Təhlükəsizlik Agentliyinin məlumatına görə, avqustun 11-də Bakıdakı restoranların birində kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.
İlkin araşdırmalara görə, zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar göstərilir.
Agentlik bildirir ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb. 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.