Ailəsi: “Abgül Suleymanov“zon”a yerləşdirilib”

Foto arxiv

Həbsdəki ilahiyyatçı Abgül Süleymanovun cəzaçəkmə müəssisəsinə yerləşdirildiyi bildirilir.

Bu haqda «Turan» agentliyinə onun yaxınları bildiriblər.

Ailəsindən verilən məlumata görə, iyul ayında Binədəki 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən A. Süleymanov 40 gün karantində və “kars”da ( cərimə kamerası-R) saxlanıb.

“40 günün tamamında onu axır ki, “zon”a ( cəzaçəkmə müəssisəsi-R) yerləşdiriblər. Dəfələrlə müraciət olunsa da onu “zon”a köçürmürdülər. Məsələnin ictimailəşdirilməsindən sonra bunu etdilər”, yaxınları deyiblər.

Ailəsindən bildirildiyinə görə, bu gün,avqustun 11-də həm də A.Süleymanovun həbs edilməsinin 7 ili tamam olub. O, 2011-ci il avqustun 11-də İsmayıllının Lahıc qəsəbəsində həbs edilib.

Onun ailəsinin bir neçə gün əvvəl vurğulamasına görə, A. Süleymanoviyul ayında Binədəki 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsinə baxmayaraq, karantində və “kars”da saxlanırdı. A.Süleymanovun xanımı demişdi: «Rəhbərlik əvvəllər cəza aldığı çıxışlarına görə peşman olub-olmamasını soruşub. Abgül Süleymanov da hər zaman doğruları söylədiyini və buna görə peşman olmadığını söyləyib. Sonra «kars»a salıblar»...

Ancaq əlaqəli rəsmi qurumlardan bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

A.Süleymanov öncə Qaradağdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı. Onu Qobustandakı 7 saylı qapalı xüsusi rejimli həbsxanaya, daha sonra isə 11 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsinə yerləşdirmişdilər. Həmin müəssisədə saxlanma müddəti başa çatdığından O, iyul ayında Binədəki 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilib.Ancaq yaxınların deməsinə görə, karantin və cərimə kamerasında saxlanırdı.

Xatırlatma

A.Süleymanovu 2011-ci il avqustun 11-də ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları İsmayıllı rayonunun Lahıc qəsəbəsində - qayınatasının evində həbs ediblər.

O, bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

A.Süleymanov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub. O, zor tətbiq etməklə irqi, sosial, dini düşmənçilik salma, ictimai qaydaları pozma, qanunsuz olaraq külli miqdarda narkotik və odlu silah saxlamada ittiham olunurdu.

O, ittihamları qəbul etmirdi.