Müəllimliklə bağlı Təhsil Nazirliyinin keçirdiyi müsabiqə sona yaxınlaşır. Müsabiqəyə qoşulan 39 min 163 namizədin əksəriyyəti ələnib.
Təhsil Nazirliyinin məlumatına görə, test imtahanları və vakanasiya seçimindən sonra müəllimliyə cəmi 4 min 337 namizəd qalıb. Onlar müəllimlik müsabiqəsinin yekun – müsahibə mərhələsində iştirak edəcəklər.
Nazirlik Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant müəllim yerinin müsabiqəyə çıxarıldığını bildirir.
Avqustun 13-dən etibarən müsabiqənin müsahibə mərhələsinə start veriləcək. Bu mərhələdə namizədlərin peşəkar kompetensiyalarının, psixoloji hazırlığının və ümumi dünyagörüşünün yoxlanılacağı bildirilir.
Xatırlatma
Azərbaycanda müəllimlərin işə qəbulu 4 mərhələdə həyata keçirilir. İlkin mərhələdə müraciət edənlərin göstəriciləri qiymətləndirilir. Daha sonra test imtahanı keçirilir. Vakant yerlərin seçilməsi mərhələsindən sonra isə sonuncu mərhələ - müsahibə başlayır.