Steven Seagal-a seksual qısnama iddiaları araşdırılır

Vladimir Putin (solda) və Steven Seagal Kremldə, 2016-cı il

ABŞ-ın Kaliforniya ştatından müstəntiqlər aktyor Steven Seagal və daha iki selebriti Harvey Weinstein Anthony Andersona qarşı cinsi hücum iddialarının araşdırıldığını bildirir.

Los Anceles dairə prokurorluğunun sözçüsü Greg Risling avqustun 9-da ittihamlar barədə detallı danışmayıb. O, iddia olunan hücumların nə vaxt baş verdiyini də açıqlamayıb.

Harvey Weinstein (sağda) vəkili Benjamin Brafman ilə

66 yaşlı Seagal avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyinin Birləşmiş Ştatlarla mədəni əlaqələr üzrə xüsusi təmsilçi təyin olunub.

Əkşn filmlərinin ulduzu olan Seagal Rusiya prezidenti Vladimir Putin dostu və tərəfdaşıdır, 2016-cı ildə Rusiya vətəndaşlığı alıb.

Los Anceles polisi yanvarda Seagal-a qarşı ittihamlar üzrə istintaqa başladığını bildirib. Səbəb bir neçə qadının onu açıq şəkildə qısnama və hücumda ittiham etməsi olub.

Hollivudun prodüseri Weinstein-ə isə Nyu Yorkda üç cinsi qısnama işi üzrə ittiham irəli sürülüb.

Weinstein-ə ittihamlar 2017-ci ildə #MeToo sosial media hərəkatına səbəb olub. Həmin kampaniya çərçivəsində bir çoxları tanınmış kişiləri cinsi qısnamada suçlayıblar. Bundan sonra bəziləri işdən çıxarılıb, yaxud istefa verib.

ABŞ-da Black-ish komediya seriyalarının ulduzu Anderson iyulda media ona qarşı iddiaları yayanda buna etirazını bildirib.

“Reuters” Weinstein, Seagal və Anderson-un təmsilçilərinin şərh vermədiyini yazıb.