Sibirdə həbsxanada iki məhbus ölüb

Rusiyada cəzaçəkmə müəssisəsi

Rusiyanın Sibir regionunda yerləşən Zabaykalyedə cəzaçəkmə müəssisəsində iki məhbus ölüb. Bu müəssisənin nəzarətçiləri daha öncə məhbuslara işgəncə verməkdə ittiham olunmuşdular.

Federal Penitensiar Xidmətin (FSIN) məlumatına görə, iki məhbus Çita şəhərindəki 5 saylı təcridxanada avqustun 7-də ölü tapılıblar. Ancaq “onların bədənində zorakılıq izləri” aşkarlanmadığı bildirilir.

Son günlər həmin koloniyadan üç məhbus nəzarətçilərin onları döydüyünü, işgəncə verdiyini, digər məhbusların isə onlara qarşı elektroşokdan istifadə etdiyini açıqlamışdı.

Bu iddialar bu yaxınlarda yayılmış videodan sonra ortaya çıxıb. Videoda Rusiyanın Yaroslavl şəhərində həbsxanada azı 17 nəzarətçinin bir məhbusu döydüyü görünürdü. Bu video ictimai qəzəb doğurub.

Ötən ay məhkəmə Yaroslavldakı həbsxananın 11 nəzarətçisinin həbsi barədə qərar çıxarıb, bir nəzarətçi isə ev dustağı edilib. Onlar məhbus Yevgeny Makarov-un döyülməsində əli olmaqda suçlanırlar.

Rusiyanın Federal Penitensiar Xidməti iyulun 24-də bildirib ki, 2017-ci ildə Rusiyada həbsxanalarda zorakılıqla bağlı bütün şikayətləri araşdıracaq.