Tovuz rayonunda iki nəfər minaya düşüb

Minalanmış zona

Tovuz rayonunda iki nəfər mülki şəxsin minaya düşdüyü bildirilir.

Bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov bildirib. Onun deməsinə görə, hadisə bu gün, avqustun 7-də səhər saatlarında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

Həmin kəndin sakinləri-24 yaşlı Elşad Mehdiyev və 14 yaşlı Elgün Hüseynovun minaya düşərək ağır bədən xəsarətləri aldığı bildirilir. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Baş həkimin bildirməsinə görə, 14 yaşlı E.Hüseynovun bir ayağı amputasiya edilib.

Faktla bağlı araşdırmalara başlanıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.