Bloqqer Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın ölümünü təsdiq edən sənəd Penitensiar Xidmətə göndərilib.
Bunu AzadlıqRadiosuna vəkil Şəhla Hümbətova deyib. Onun bildirməsinə görə, nəhayət, Mərkəzi Neftçilər Xəstəxanasından F.Hüseynovanın ölümünü təsdiq edən sənədi alıblar.
Vəkil vurğulayıb ki, qanunvericiliyin tələbinə uyğun olaraq, M.Hüseynovun anasının dəfnində iştirak etməsindən ötrü müvəqqəti olaraq buraxılmasını istəyirlər. «İndi buradan M.Hüseynovun cəza çəkdiyi 14 Saylı Cəzaçəkmə Müəssisəsinə gedəcəyəm, onlara da sənədi təqdim edəcəyəm», - vəkil Ş.Hümbətova vurğulayıb
Vəkili: «Ölüm faktını təsdiq edən sənədi ala bilmirik ki...»
«Həbsdə olan bloqqer Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etsə də, onun vəfatını təsdiq edən sənədi hələ də ala bilmirik».
Bunu M.Hüseynovun vəkili Şəhla Hümbətova bildirib. Onun sözlərinə görə, M.Hüseynovun atası bu gün, avqustun 6-da səhər saat 9-dan xəstəxanada olsa da, xanımının vəfatı ilə bağlı sənədi ala bilməyib: «Bu sənədin olmaması isə mənə vəkil kimi cəzaçəkmə müəssisəsinə M.Hüseynovun anasının dəfnində iştirakından ötrü müraciət etmək imkanımı əlimdən alıb. F.Hüseynova ağır xəstə olanda, bu xəstəliyi təsdiq edən xüsusi arayışla həbsxana rəhbərliyinə müraciət etdim».
Vəkil sözügedən sənədin indiyə kimi verilməməsi səbəbinin ona da məlum olmadığını bildirir.
«Hələlik buradayıq, gözləyirik ki, görək bu sənədi nə zaman verəcəklər», - vəkil bildirib.
F.Hüseynovanın 71 yaşının tamamına iki gün qalırdı...
+++
Bu gün, avqustun 6-da həbsdə olan bloqqer Mehman Hüseynovun anası Firəngiz Hüseynova vəfat edib.
F.Hüseynova iyulun ortalarında ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanırdı.
Hətta M.Hüseynovun vəkilləri onun ağır xəstə olan anası ilə görüşməsinə icazə verilməsindən ötrü rəsmi qurumlara müraciət də etmişdilər.
Bundan başqa, bir qrup jurnalist və hüquq müdafiəçisi də eyni məqsədlə ədliyyə nazirinə, ombudsmana və Penitensiar Xidmətin rəisinə müraciət göndərmişdilər.
Ancaq Penitensiar Xidmət bir neçə gün öncə müdafiə tərəfinə mənfi cavab vermişdi.
Vəkil Şəhla Hümbətova Penitensiar Xidmətin rədd cavabını da açıqlamışdı. Onun bildirməsinə görə, Xidmət öncə məhkumların qanunvericilikdə hansı hallarda qısa müddətə səfərə getməsinə icazə ilə bağlı normaları xatırladıb. Sonra isə bunları qeyd edib: «Lakin məhkum Mehman Hüseynov cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən islahyönümlü tədbirlərdə iştirak etməkdən yayınıb. Belə ki, müəssisənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə və aparılan abadlıq işlərində iştirak etməyib. Habelə, barəsində yaxşılaşdırılmış saxlanma şəraitinə keçirilmə və digər həvəsləndirmə tədbirləri tətbiq edilməyib. Xasiyyətcə qapalıdır. Göstərilənlərlə əlaqədar onun əməyə münasibətinin qənaətbəxş olmaması və islah yoluna qədəm qoymaması müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, məhkum M.Hüseynovun qısamüddətli səfərə buraxılması məqsədə müvafiq hesab olunmur».
Xatırlatma
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.
M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.