Rusiya Sentsov-la ‘görüşə icazə vermir’

Praqada etiraz aksiyası: "Putinin girovlarını buraxın"

Amnesty International hüquq müdafiə təşkilatı bildirir ki, təmsilçisini həbsdə olan ukraynalı kinorejissor Oleh Sentsov-la görüşə buraxmayıblar. Sentsov Rusiyada 20 illik həbsə məhkum edilib və son 81 gündə aclıq etdiyi bildirilir.

Təşkilatın Ukrayna bölməsinin direktoru Oksana Pokalchuk avqustun 2-də bildirib ki, Rusiya hakimiyyəti Sentsov-la görüşə icazə verilməməsinin səbəbini də izah etmir.

Rusiyanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsinə qarşı çıxan Sentsov 2015-ci ildə məhkum edilib. O, terrorçuluq planlaşdırmaqda ittiham olunub, ancaq özü və insan haqları qrupları ittihamların siyasi motivli olduğunu bildirirlər.

Sentsov mayın ortasından aclıq edir, Rusiyadan siyasi məhbus hesab edilən 64 ukraynalının azadlığa buraxılmasını tələb edir.

Vəkili Dmitry Dinze iyulun 27-də deyib ki, Sentsov solğun görünür, gəzməkdə çətinlik çəkdiyindən daha çox uzanır. Rusiya hakimiyyəti isə onun durumunun sabit olduğunu vurğulayır.

Amnesty-dən Pokalchuk deyib ki, üç aylıq aclıq aksiyasından sonra rejissorun durumu sarıdan ciddi narahatlıq yaranıb. O, Amnesty-nin təmsilçilərinin Sentsova müstəqil tibb eksperti ilə birlikdə baş çəkmək istədiklərini deyib.

İnsan haqları qrupları prezident Vladimir Putini Sentsovu buraxmağa çağırsalar da, Kremlin sözçüsü Dmity Peskov onun əfv üçün müraciət etmədiyini deyib.