Moskvada çıxan həftəlik Argumenty i Fakty (AiF) qəzetinin jurnalisti Sergei Grachyov itkin düşəndən 11 gün sonra ölü tapılıb. O, Nijni Novqorod şəhərinə ezamiyyətə gedəndən sonra yoxa çıxmışdı.
AiF-in redaktoru Vladimir Shushkin avqustun 1-də Facebook-da yazıb ki, Grachyov-un cəsədi Moskvadan 400 km şərqdə tapılıb.
“Ən pis variant rəsmən təsdiqlənib. Nə baş verdiyini dəqiq bilmirik”, – o yazıb.
Jurnalistin ölüm səbəbi, hələlik, açıqlanmayıb.
Qəzet ötən həftə yazmışdı ki, 38 yaşlı Grachyov itkin düşüb, sonuncu dəfə onu iyulun 21-də Nijni Novqorodda Sheraton otelindən çıxan görüblər.
Nijni Novqoroddakı Rys (Lynx) axtarış-xilasetmə qrupu iyulun 31-də onun cəsədinin aşkarlandığını bildirib.
Rusiya İstintaq Komitəsinin Nijni Novqorod şöbəsi meyit yarılandan sonra rəsmi bəyanat veriləcəyini bəyan edib.