Rusiyalı hakerlər senatorun şəbəkəsinə hücum etməyə ‘çalışıb’

İllüstrativ foto

ABŞ-ın demokrat senatoru rusiyalı hakerləri onun senatdakı kompüter şəbəkəsinə uğursuz müdaxilə cəhdində suçlayır. Bu, 2018-ci il seçkisinə müdaxilənin ictimaiyyətə açıqlanan ilk faktı sayıla bilər.

Senator Claire McCaskill seçkiyə namizədliyini verib. O, iyulun 26-da axşam “Daily Beast” vebsaytına müsahibəsində deyib ki, Rusiyanın GRU kəşfiyyat agentliyi ötən ilin avqustunda onun kompüterlərinə girməyə çalışıb.

Bu məlumatdan öncə Microsoft şirkətinin təmsilçisi bildirmişdi ki, şirkət ABŞ konqresinə üç namizədə email hücumlarının dayandırılmasına kömək edib.

McCaskill bəyanatında deyib ki, hakerlərin və Rusiya prezidenti Vladimir Putinin hücumlara görə məsuliyyətə cəlb olunmasını istəyir:

Bu hücum uğursuz olsa da, onların cəzasız qalacaqlarını düşünməkləri qəzəb doğurur. Mən bundan çəkinməyəcəyəm. Əvvəl də demişəm, yenə də deyəcəyəm, Putin cəllad və xuliqandır”.