İşıqlar niyə sönmüşdü? - İlkin rəy hazırdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Yasamalda dükan-bazarın işi iflic olub - Müsahibələr

Energetika Nazirliyi Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə iyulun 3-də «Azərbaycan İstilik Elektrik Stansiyası» MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə bağlı araşdırmalar aparıb.

Araşdırmaların ilkin nəticələri və «Azərbaycan» İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər nazirlikdə müzakirə edilib.

Bu haqda Energetika Nazirliyinin iyulun 27-də yaydığı məlumatda deyilir.

Verilən məlumata görə, «Azərbaycan» İES və Mingəçevir-Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı «Azərenerji» ASC-yə tapşırıqlar verilib, xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar isə Dövlət Komissiyasına təqdim olunub.

Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən, strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar da aparıldığı və təkliflər hazırlandığı bildirilir.

Xatırlatma

Bu il iyulun 3-də gecə «Azərbaycan İstilik Elektrik Stansiyası» MMC-də qəza baş verib. Qəza nəticəsində ölkənin böyük hissəsi elektriksiz qalıb. Metro da daxil olmaqla, strateji obyektlərə elektrik verilməsi yalnız iyulun 3-ü axşam bərpa edilib.

Növbəti günlərdə də bir neçə dəfə elektrik verilişində kəsinti olub.

Bu qəzanın səbəblərinin və fəsadlarının aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb.