Azərbaycanın adı onlayn-təqib edən ölkələr sırasında

«Sərhədsiz Reportyorlar»

«Sərhədsiz Reportyorlar» təşkilatı jurnalistlərin onlayn təqib edilməsinə dair yeni hesabatını açıqlayıb.

Sənəddə onlayn-təqib mətbuat azadlığı üçün yeni bir təhdid – «onlayn troll hücumu» adlandırılıb.

Hesabatda deyilir ki, fəallar avtoritar rejimlər tərəfindən yaradılan «troll qoşunları»nın hücumlarına məruz qalırlar. Bu vasitədən jurnalistləri susdurmaq üçün istifadə edirlər.

Təşkilat bir neçə ay ərzində jurnalistlərə və ifadə azadlığına edilən yeni onlayn hücumları sənədləşdirərək, «mətbuat azadlığı yırtıcıları»nın kütləvi hücum əməliyyatlarını analiz edib.

Sənədə görə, bu cür faktlar Çin, Hindistan, Türkiyə, Vyetnam, İran, Əlcəzair və Azərbaycan daxil olmaqla 32 ölkədə qeydə alınıb.

Azərbaycana dair bölmədə korrupsiya faktlarını araşdıran jurnalist Xədicə İsmayıla qarşı hücum və təqiblər də yer alıb.

«Bundan öncə hakimiyyət onun evinə gizli kamera quraşdıraraq şəxsi həyatına müdaxilə edib. Onu susdurmaq üçün videolar internetdə yerləşdirilib. 2014-cü ildə o, həbs olunub və 7 il yarım müddətə azadlıqdan məhrum edilib. Beynəlxalq təzyiqlərdən sonra 2016-cı ilin mayında onu həbsdən azad ediblər. Amma üzərindən ittihamlar götürülməyib və ölkədən çıxışı qadağan edilib», - sənəddə yazılır.

Təşkilat qeyd edir ki, onlayn-aqressiya dünyada geniş yayılmış bir haldır və hazırda mətbuat azadlığı üçün ən böyük təhlükələrdən biridir.

«İnformasiya müharibələri yalnız ölkələr arasında baş vermir. Həm də bütün dünyada sərf etməyən KİV və jurnalistlərə qarşı aparılır. Mətbuat yırtıcıları və avtoritar rejimlər onların qanunsuz hərəkətlərini ifşa edən hər kəsə təzyiq göstərmək üçün öz troll qoşunlarından istifadə edirlər», - «Sərhədsiz Reportyorlar»ın baş katibi Kristof Delor bildirib.