Bu gün, iyulun 26-da Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib. Nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı məlumatında belə deyilir.
Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti xəbərdarlıq edir ki, günün ikinci yarısından axşama doğru tozun miqdarının artacağı gözlənilir. Bu, şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədardır.
Atmosferdə müşahidə olunan toza Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olması səbəb göstərilir.
Belə şəraitin iyulun 27-də davam edəcəyi bildirilir.
Nazirlik iyulun 25-də açıqlayıb ki, Bakı və ətrafında tozun miqdarı 4 dəfə artıb.