Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi açıqlanıb

Ş.Mustafayev

«Azərbaycanla Rusiya arasında əlaqələr strateji səviyyədədir, iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələr uğurla inkişaf edir».

Moskvada səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev rusiyalı həmkarı Maksim Oreşkinlə görüşündə belə deyib.

Nazirliyin məlumatına görə, Ş.Mustafayev iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin inkişafda olduğunu ifadə edib.

«Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22% artıb. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ilin I yarım illiyində da davam edib və bu dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 20%-dək artıb», - deyən nazir bildirib ki, Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir.

Nazirin sözlərinə görə, Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 mlrd. dollara yaxın investisiya yatırıb.

Görüşdə kənd təsərrüfatı, maliyyə, vergi, gömrük, turizm, humanitar sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili məsələlərinin müzakirə edildiyi bildirilir.

Tərəflər Rusiyada Azərbaycan ticarət evlərinin və logistik mərkəzlərin yaradılması, şərabçılıq məhsullarının ixracının artırılması, «Şimal-Cənub» nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələlərinə də diqqət ayırıblar.