Korrupsiyaya görə 115 iş məhkəməyə göndərilib

K.Əliyev

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin ilk yarısında 184 şəxslə bağlı 115 cinayət işinin istintaqını tamamlayaraq məhkəmələrə göndərilib. Bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

APA-nın məlumatına görə, bu cinayət işlərindən 42-si mənimsəmə və israfçılıqla, 30-u qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməklə, 12-si vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlıdır.

İdarə rəisinin sözlərinə görə, 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlıdır.

K.Əliyev keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları ilə bağlı məlumatlar əsasında isə 5 cinayət işinin başlandığını qeyd edib.

Bu il korrupsiya hüquqpozmaları üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq olunduğu, 8 vəzifəli şəxsə töhmət verildiyi, 2 vəzifəli şəxsin şiddətli töhmət aldığı bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Korrupsiya pulları deyincə hansı pullar nəzərdə tutulur?

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan təxminən 16 milyon manat ödənildiyi deyilir. Qalan ziyanın ödənilməsini təmin etmək üçün 25 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub.

K.Əliyev deyib ki, idarədə bu il vətəndaşların 3874 müraciətinə baxılıb, həmçinin, 126 cinayət xarakterli material araşdırılıb, onlardan 82-si üzrə cinayət işi başlanıb.

6 ayda qaynar xəttə 1970 müraciət daxil olub və bu müraciətlərdən 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlandığı qeyd olunur.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında korrupsiya ilə mübarizənin daha ciddi aparılmalı olduğunu və apreldə formalaşmış yeni hökumət qarşısında bu vəzifənin «çox kəskin» qoyulduğunu bildirib. Dövlət başçısı dəfələrlə belə bəyanat versə də, beynəlxalq qurumların hesabatlarında Azərbaycan korrupsiya ilə mübarizədə sonuncu yerdə gəlir.

«Amnesty International» təşkilatının bu ilin fevralında açıqladığı Korrupsiya Qavrama İndeksinə görə, Azərbaycan Cənubi Qafqazın «çempion»udur, o, mümkün 100 baldan 31 bal toplamaqla 180 ölkə arasında 122-cidir.