Avropa Komissiyası bildirir ki, Kosovo vətəndaşlarının Avropanın Şengen zonasında vizasız səyahəti üçün tələbləri yerinə yetirib.
Amma Kosovo üçün viza qaydalarının liberallaşdırılması əvvəlcə Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Aİ-nin bir sıra üzvləri bu məsələyə skeptik yanaşır.
Avropa Komissiyasının iyulun 18-də bildirməsinə görə, Priştina sonuncu iki şərti yerinə yetirib – korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə gücləndirilib və martda Monteneqro ilə sərhədin demarkasiyası razılaşması ratifikasiya olunub.
Aİ-nin miqrasiya üzrə komissarı Dimitris Avramopoulos iyulun 18-də jurnalistlərə Kosovonun “son iki ildə viza liberallaşdırılmasının qalan iki tələbinin icrası üzrə böyük proqres əldə etdiyini” söyləyib.
Kosovo prezidenti Hashim Thaci isə iyulun 18-də Brüsseldə mətbuat konfransında deyib ki, Kosovo üçün “təcridin son hasarının da çöküşü başlanıb”.
Aİ Komissiyası 2016-cı ilin aprelində Kosovoya, Gürcüstan və Ukraynayla birlikdə şərti tövsiyəsini verib. Gürcüstanla Ukrayna 2017-ci ildə Aİ ilə vizasız səyahət statusu qazanıb.
Kosovo Aİ ilə vizasız gediş-gəlişi olmayan yeganə Qərbi Balkan ölkəsidir.