'İşgəncə, pis rəftar, cəzasızlıq...'-Hesabat

İşgəncə

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərin nəticəsi əsasında hazırlanmış hesabatını açıqlayıb. Hesabata Azərbaycan hökumətinin də cavabları daxil edilib.

Bununla da, Komitənin ölkəyə səfərləriylə bağlı bütün hesabatları ictimaiyyətə açıqlanmış olub.

Komitənin Azərbaycanda vəziyyətə dair ümumi təəssüratı belə ifadə olunub: «İşgəncə, polis və başqa hüquq-mühafizə orqanları, ordu tərəfindən pis rəftarın bütün formaları, eləcə də hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq halları sistematik, geniş şəkildə yayılıb və müntəzəm davam edir».

Hesabatda vurğulanır ki, cəzasızlıq və pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, saxlanan məhbusların vəkillə, həkimlə təmin olunmaması, saxlanma haqda məlumat verilməməsi və informasiya almaq hüququ da daxil olmaqla, hüquqi zəmanətlərin təmin edilməməsi kimi ciddi problemlər qalır.

Bununla belə, İşgəncələr Əleyhinə Komitə Azərbaycan rəsmilərinin bu hesabatların hamısının açıqlanması qərarını alqışlayıb.

Komitə bunun qaldırılan ciddi məsələlərin həllində şəffaflığa dair yeni öhdəliyə işarə ola biləcəyini bildirib.

«Azərbaycanın indiyə qədər məxfi saxlanan bu hesabatların hamısını açıqlamaq qərarı böyük bir irəliləyişdir. Bu, Azərbaycanla əməkdaşlığın yeni dövründən xəbər verir və rəsmilərin Komitə ilə dialoqu aktivləşdirmək, Komitənin qaldırdığı ciddi problemlərin həll edilməsi istəyinə işarə edir», - qurumun prezidenti Mikola Qnatovski bildirib.