Yerevana mer seçə bilməyiblər

Xüsusi iclas baş tutmayıb

İyulun 16-da Yerevanın Ağsaqqallar Şurası paytaxt merinin seçilməsi üçün növbədənkənar iclas çağırıb.

İclasda şuranın 65 üzvündən cəmi beşi iştirak edib. Bundan başqa “Yerkir tsirani” partiyasının 3 üzvü, eləcə də vitse-mer Kamo Areyan da iclasa qatılıb. İclası aparan Areyan kvorumun olmadığını deyib.

Şurada təmsil olunan üç qüvvədən ikisi – Respublika partiyası və Yelk bloku daha öncə bildiriblər ki, merliyə namizədliklərini verməyəcək, iclasa getməyəcəklər.

Sayca azlıqda olan “Yerkir tsirani” isə Zarui Postanjian-ın namizədliyini irəli sürüb. Bu gün özü və tərəfdarları meriya qarşısında dəstək aksiyası da keçiriblər.

İyulun 9-da Taron Markarian mer vəzifəsindən istefa verib.

Qanunvericiliyə görə, Ağsaqqallar Şurası yeni meri seçə bilməsə, buraxılacaq və yeni şəhər seçkiləri təyin olunacaq.