'Leyla Yunus kimi antimilli ünsürlər...'. Əli Həsənov Gəncə hadisələrindən danışır

Ə.Həsənov

AzadlıqRadiosu ölkədə baş verənlərlə bağlı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan açıqlama almaq istəyib. O deyib ki, bu haqda fikrini sosial şəbəkələrdə ifadə edib: «Orda dövlətin və administrasiyanın mövqeyini açıqlamışam. Əlavə deyəsi sözüm yoxdur».

Prezidentin köməkçisi yazır: «Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar».

***Buna da bax-Gəncə hadisələri ilə bağlı iki şəxs axtarışda

O, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olayı haqda bəhs edib. İlkin olaraq həmin hadisəni kriminal hadisə kimi dəyərləndirdiyini vurğulayan Ə.Həsənov bildirib ki, hüquq-mühafizə orqanları sui-qəsdin şəriət dövləti bərqərar etmək üçün törədildiyini müəyyən edib.

«Açıqlamalardan göründüyü kimi, Yunis Səfərov bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli məqam hesab edilib», - deyə yazan prezidentin köməkçisi qeyd edib ki, 2017-ci ilin əvvəllərində Gəncə İH başçısı haqqında islamofob və antişiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində müzakirə olunub.

«Yunis Səfərovu «Gəncəbasar qisasçısı» elan etməyə tələsdilər»

O, daha sonra yazıb: «Hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni «Gəncəbasar qisasçısı», «qəhrəman» elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi antimilli ünsürlərdən kömək gəldi. Rusiyada «talış separatçısı» kimi ad-san qazanmış İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər».

***Buna da bax-Mübariz Qurbanlı: 'Bu, öyrədilmiş adamların işidir'

Ə.Həsənov kimə məxsusluğu bəlli olmayan ru-clip.ru saytının Youtub kanalının üsyana səsləyən 5 klip - çağırış yayımlamasından bəhs edib: ​«Biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən iaşə müxalifətinin sinxronlaşdırılmış ideoloji təxribat faktı ilə üz-üzəyik. Xarici antiazərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, polis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil».

Prezidentin köməkçisi vurğulayıb ki, belə həssas vəziyyət cəmiyyətin, bütün vətəndaşların milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir.