Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın iyulun 11-də Brüsseldə görüşəcəkləri gözlənilir.
Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 9-da yaydığı məlumatda deyilir.
Məlumata görə, görüşə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) də qatılacaqlar. Görüş həmsədrlərin vasitəçiliyi ilə keçirilir.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları müzakirə olunacaq.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi erməni tərəf Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu, daha bir neçə kəndi işğal edib.
Problemin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.