'Hörümçək-adam'ı işə götürdülər

Mamoudou Gassama

Fransada balkondan sallanıb qalan 4 yaşlı uşağı xilas edən malili miqrantı Parisin yanğınsöndürmə idarəsinə işə götürüblər.

Bir müddət əvvəl Fransa prezidenti İmmanuel Makron ona Fransa vətəndaşlığı və cəsarətə görə qızıl meal vermişdi.

22 yaşlı Mamoudou Gassama iyulun 1-dən işə götürülən 24 nəfərdən biridir.

Bu barədə yanğınsöndürmə idarəsi sosial şəbəkələrdə məlumat yayıb.

Mamoudou Gassama yaxınlıqdakı kafelərin birində futbola baxarkən balkondan bir uşağın sallanıb qaldığını eşidib.

O, inanılmaz cəldliklə balkondan balkona dırmaşaraq uşağı xilas edib.

"Mən uşaqları sevirəm, onların əzab-əziyyətə düçar olmasına dözə bilmirəm" - deyə Mamoudou Gassama sonradan bildirmişdi.

"Allah mənə kömək etdi" - onun bu sözlərini Fransa mətbuatı yaymışdı.

Hazırda uşağın valideynləri ilə bağlı araşdırma aparılır.

Uşaq evdə nəzarətsiz qalarkən atasının dükanda alış-veriş etdiyi, sonra da "Pokemon" oynadığı haqda məlumat yayılıb.

Əgər bu məlumatlar təsdiqlənsə, ataya qarşı ittiham irəli sürülə bilər.

Məhkəmə sentyabrda olacaq.

Fransa - Prezident Emmanuel Macron (solda) Mamoudou Gassama-ı qəbul edir. 28 may, 2018