Makedoniya parlamenti ölkənin yeni adı ilə bağlı razılaşmanı müzakirə etməlidir

Foto arxiv

Makedoniya parlamenti iyunun 19-da ölkənin yeni adı ilə bağlı Yunanıstanla imzalanmış razılaşmanı müzakirə etməlidir.

İstirahət günü imzalanmış həmin razılaşmada Makedoniyanın indən belə Şimali Makedoniya Respublikası adlandırılması nəzərdə tutulur.

Bu Makedoniyada millətçilərin qəzəbinə səbəb olub.

Amma AzadlıqRadiosu Balkan xidmətinin məlumatına görə, parlamentin sədri Talat Xaferi MİA agentliyinə müsahibəsində razılaşmanın təsdiqlənəcəyinə ümidlə yanaşdığını bildirib.

Razılaşmanın qüvvəyə minməsi üçün onu hər iki ölkənin parlamentləri də təsdiqləməlidir.

Bundan başqa məsələ ilə bağlı Makedoniyada referendum keçirilməlidir.

Makedoniya 1991-ci ildə dinc şəkildə keçmiş Yuqoslaviyadan ayrılandan bu yana, Afina ilə Skopye arasında belə bir mübahisə yaranmışdı.

Yunanıstan deyir ki, Makedoniya onun əyalətlərindən birinin adıdır və bu beynəlxalq birliklərdə dolaşıqlıq yaradır.

Bu razılaşma həm də Makedoniyanın NATO və Avropa Birliyinə üzvlüyündəki əngəlləri aradan qaldırır.

Hər iki birliyin üzvü olan Yunanıstan Makedoniyanın bu qurumlara qoşulmasını əngəlləyirdi.