Putin ‘internet müşavirini’ vəzifədən azad edib

German Klimenko

Rusiya prezidenti Vladimir Putin özünün internet məsələləri üzrə əsas müşavirini vəzifədən azad edib.

İyunun 13-də Kremlin internet saytında dərc edilmiş sərəncamda German Klimenkonun işdən çıxarılmasının səbəbi bildirilmir.

Klimenko Putinin dördüncü prezidentlik müddətində komandasında saxlamadığı azsaylı kadrlardan biridir.

Bu vəzifədə olduğu 15 illik müddətdə Klimenko rusiyalıların internetdən istifadəsini nəzarətdə saxlamağa çalışan mütəxəssis olub.

Klimenko müşavir kimi vəzifəyə gəldiyi ilk aylarda Facebook və Google kimi böyük şirkətlərin bloklanmasına o qədər də həvəslə yanaşmayıb. O habelə bitcoin kimi kriptovalyutaların qadağanının mümkünlüyü məsələsini müzakirəyə çıxarmışdı.

Amma digər tərəfdən o, Telegram mesajlaşma platformasına qarşı mübarizə aparan əsas qüvvə idi. Sonradan Telegram aplikasiyası istifadəçilərinə aid məlumatları təhlükəsizlik orqanları ilə bölüşmək istəmədiyinə görə Rusiyada qadağan edildi.

Ötən mart ayında Klimenko bəyan etmişdi ki, əgər Qərb Moskvanın internetə bütün çıxışlarını bloklamaq istəyərsə, Rusiya özünün internet məkanına malik olmalıdır.

Özünün Facebook səhifəsində Klimenko vəzifədən çıxarıldığını təsdiq edib və Putinə təşəkkürünü bildirib.

Lakin Rusiya prezidenti başqa müşavir və köməkçilərini postlarında saxlayıb.

Bunlar onun administrasiya rəhbəri Anton Vaino, onun iki müavini Sergei Kiriyenko və Aleksei Gromov, prezidentin köməkçiləri Yury Ushakov və Vladislav Surkovdur.