İraqın daxili işlər naziri deyir ki, iyunun 10-da Bağdadda seçki bülletenlərin saxlandığı anbarda yanğın “qəsdən” başladılıb. Bülletenlər təzədən sayılmalıydı.
Burada Al-Rusafa bölgəsinin seçki bülletenləri saxlanırdı. Ötənaykı parlament seçkilərində Bağdadın 2 milyonluq seçicisinin 60 faizi burada səs vermişdi.
Yanğının söndürülməsi bir neçə saat çəkib.
“Bunun qəsdən törədildiyinə şübhə yoxdur və istintaqa şəxsən nəzarət edirəm”, – nazir Qassem al-Araji iyunun 11-də deyib.
Baş nazir Haider al-Abadi də yanğını İraqın demokratiyasına yönəlik “sui-qəsd” adlandırmışdı.
Daxili İşlər Nazirliyinin sözçüsü “seçki qutularının çoxunun mühafizə olunduğunu” bildirib.
Parlamentin vəzifədən getməkdə olan spikeri Salim al-Jabouri-nin fikrincə, yanğına görə seçki təzədən keçirilməlidir.
Jabouri 12 may seçkisində mandatını itirib. Seçkini şiə ruhanisi Muqtada al-Sadr-ın rəhbərlik etdiyi alyans udub.
Genişmiqyaslı saxtakarlıq iddialarını nəzərə alan parlament iyunun 6-da bülletenlərin yenidən sayılmasına göstəriş verib.