Suriyada üsyançıların əlində olan regiona şübhəli Rusiya zərbələrindən azı 44 nəfər öldürülüb. Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının bildirməsinə görə, iyunun 7-də gecə İdlib vilayətinə endirilmiş hava zərbələrində ölənlərin beşi uşaqdır.
“Rusiyaya məxsus olduğu görünən hərbi təyyarələr İdlib regionunun şimalındakı Zardana kəndini hədəfə alıb”, – təşkilatın direktoru Rami Abdulrahman deyib.
Bu, 2018-ci ildə regionda ən çox itkiyə səbəb olmuş hücumdur.
Ölü sayı arta bilər, çünki zərbələrdə 60 nəfər də yaralanıb.
Xilasedicilər axtarışları davam etdirirlər.
İdlib prezident Bashar al-Assad hökumətinə müqavimətin sonuncu böyük məkanlarındandır.
Rusiya 2015-ci ilin sentyabrından Suriyanı bombalayır, vətəndaş müharibəsində Assad-ı dəstəkləyir.