Belçikada 5 erməniyə ittiham verilib

Arxiv fotosu

Belçikada beş erməni korrupsiya, çirkli pulyuma və digər cinayətlərdə ittiham olunub. Prokurorların iyunun 6-da bildirməsinə görə, bu ittihamlar tennisdə danışılmış oyunlarla bağlı beynəlxalq istintaq çərçivəsində verilib.

Adları açıqlanmayan beş erməni Belçikada saxlanmış 13 nəfər sırasındır. İyunun 5-də Birləşmiş Ştatlar, Almaniya, Fransa, Bolqarıstan, Slovakiya və Niderlandda da oxşar reydlər keçirilib.

Belçikada hakimin çıxardığı qərarda deyilir ki, Ermənistan vətəndaşı olan beş nəfər “korrupsiya, çirkli pulyuma, fırıldaq və kriminal təşkilata üzvlük”də ittiham olunur.

Beynəlxalq istintaq son dörd ildə oyunların satın alınması məqsədiylə oyunçulara rüşvət verməkdə şübhəli sayılan Ermənistan-Belçika kriminal şəbəkəsini araşdırır. Şəbəkənin peşəkar tennisçilərə rüşvət verməyə çalışdığı bildirilir.

Dindirilmədən sonra beş erməni saxlanıb, səkkiz nəfərsə buraxılıb.

Belçikalı müstəntiqlərin deməsinə görə, ittihamlara yüksək səviyyəli oyunlar daxil deyil. Söhbət kiçik səviyyəli oyunlardan gedir ki, belə oyunlarda pul mükafatı böyük olmur və oyunçular da fırıldaqçıların təsirinə məruz qalır.

Belə oyunlar lentə alınmadığından oyunçuların dilə tutulması da daha asan olub.